Paylaşıldığı tarix:

Hədiyyə biznesləri üçün marketinq addımları

Hediyye biznesi marketinqi

Bizneslərin inkişafı üçün marketinq önəmlidir. Kafe və restoran sahəsində marketinq addımları haqqında bloq yazıma reaksiyalardan sonra düşündüm ki, davamlı olaraq fərqli sahələr üçün bu mövzuda bloqlar yazım. Bu gün hədiyyə satışı və buna bənzər xidmətlər üçün marketinq addımları haqqında fikirlərimi sizinlə bölüşəcəm. Bütün bu addımlar peşəkar strategiya ilə həyata keçirilsə təbii ki, daha yaxşı nəticə əldə edə bilərsiniz.

Xüsusi notlar hazırlayın

Siz hədiyyə satırsınız, bu hədiyyə isə kimisə sevindirmək və dəyərli hiss etdirmək üçündür. Bu hisslərin dərəcəsini artırmaq üçün bəzən gözəl sözlərə də ehtiyac olur. Siz bu sözləri də müştərilərə verməklə onların sevimlisinə çevrilə və unudulmaz olmağa nail ola bilərsiniz. Düşünün ki, siz bir gül şirkətisiniz və satdığınız bütün güllərin üzərində 5 sm olan bir not var. Bu notda siz çox xoş hiss etdirəcək cümlə və loqonuzu qoyursunuz. Əsasən qadınlara alınan bu bu hədiyyələr böyük sevinclə şəkli çəkilərək hər yerdə paylaşılır. Sizin markanızın orda yer alması məncə çox yaxşı olacaq. Bununla siz tanınacaqsınız, müştəriniz istəyinə çatacaq və hər iki tərəf məmnun qalacaq. Xanımının sevindiyini görən bəy yenidən sizə müraciət edəcək. Bunun daha da yaxşı tərəfi bəylər üçün olan hədiyyələrə də tətbiq etmənizdir. Saat satan bir şirkət uğuru sevən bir bəyə alınan hədiyyənin yanında qəşəng bir not da qoysa tam yerinə düşər. Bəy bunu paylaşmasa da saat markasından istifadə edəcəyinə inanıram.

Qablaşdırmaya önəm verin

Hədiyyənin bahası-ucuzu, yaxşısı-pisi olmaz, amma hədiyyə diqqət tələb edir. Təqdim edilmə hədiyyə verilmənin ən əsas hissələrindən biridir. Siz əgər birinə hədiyyə vermək istəyən bir müştərini analiz etsəz müşahidə edə bilərsiniz ki, hədiyyənin görünüşü onun üçün çox önəmlidir. Bəlkə hədiyyəni qəbul edəcək şəxsdən belə daha çox diqqəti hədiyyə edən şəxs göstərir. Bunun nəticəsində sizin satdığınız hədiyyə o şəxsi rahatlaşdırmalıdır ki, hədiyyə möhtəşəm görünür. Bu da qablaşdırma və gözəl məhsul ikilisindən alınacaqdır. Həmçinin siz satdığınız məhsulun qablaşdırmasından da müəyyən bir qazanc əldə edə bilərsiniz.

Xüsusi günlərə əvvəlcədən hazırlaşın

Hər birimizə bəllidir ki, bəzi günlərdə insanlar daha çox hədiyyə alırlar. Bunlara sevgililər günü, qadınlar bayramı, analar günü, müəllimlər gününü misal göstərə bilərik. Bu xüsusi günlərdə hədiyyə alanların sayı artır və müştərilər fərqli və gözəl hədiyyələr axtarırlar. Bu dönəmdə əksər şirkətlər reklamları artırırlar və düşünürlər ki, bununla hərşey bitir. Mən düşünürəm ki, özəl günlər fərqli məhsullarla bazarın diqqətini və müştərilərin diqqətini  özünüzə çəkmək üçün yaxşı fürsətdir. Siz həmin günlərə əvvəldən diqqətlə hazırlaşıb yeni və unikal məhsullar üçün çalışmalısınız. Məsələn, həmin özəl günə uyğun yazılarla hədiyyələr ola bilər. Buna mükafat hədiyyələrindən tutmuş, üzərində çap olan köynəklərə qədər misal göstərmək olar. Bununla həmin gün qazandığınız müştəriləri davamlı olaraq qoruyub saxlayaraq ilboyu yaxşı satışlar əldə etmiş olarsınız.

Müştəriləri izləyərək lazımı vaxtda addım atın

Müştərilərin bütün daranışlarını izləmək asan deyil. Ancaq bunu bacaran və yaxşı idarə edən şirkətlər bunun faydasını görürlər. Gəlin sizinlə çox sadə bir məsələ üzərindən düşünək. Siz bir gül şirkətisiniz və bəlli bir tarixdə sizdən X müştəri gül alır. Satışdan hiss edə bilirsiniz ki, bu gül bəyin həyat yoldaşına evlilik ildönümü üçün aldığı güldür. Bunu siz qeyd edirsiniz və gələn il ildönümünə günlər qalmış qəşəng bir mesaj göndərirsiniz. Mesajın tərkibində bəyin bu özəl günü unutmamalı olduğunu və ona kiçik bir endirim verdiyinizi qeyd edə bilərsiniz. Beləliklə bir il sonra müştərini yenidən sizdən alış etməyə sövq etmiş olursunuz. Bununla il ərzində həmin şəxsə satışlar edə və illərlə satış edə bilərsiniz. Düşünün ki, hər günün satışlarını satıcınız səbəbi ilə qeyd edir və növbəti il üçün bu cür qayda ilə satışlar edirsiniz. Bu üsul həm ad günləri, həm də özəl günlər üçün keçərlidir. Müştərilərinizin davranışlarını izləyib onların haqqında məlumata sahib olsanız bu sizin inkişafınıza səbəb olacaqdır.

Kiçik hədiyyələr edin

Müştərilər sizi sevməlidirlər ki, davamlı olaraq seçimlərinə çevriləsiniz. Bunun üçün sizin hədiyyələrinizin gözəlliyini başqasına hədiyyə alan bir şəxsə hiss etdirməlisiniz. Bəs müştəri başqasına hədiyyə satın alarkən özünə hədiyyə verilsə necə olar? Məncə bu şirkəti asanlıqla unutmaz. Unutmayan müştəri sizi yenidən ziyarət edərək məhsul ala və ya sizi başqa tanışlarına məsləhət görə bilər. Bununla da siz etdiyiniz hədiyyənin qarşılığını artıqlaması ilə görəcəksiniz.

Marketinq addımları haqqında olan növbəti yazının da sonuna gəldik. Ümid edirəm faydalı oldu. Bu yazı rəylərdə bir sahibkarın xahişi ilə yazılmışdı. Siz də hansısa xüsusi bir mövzuda yazının olmasını istəyirsinizsə, rəy bölməsinə qeyd edin. Növbəti yazılarda görüşənədək.

avatar
  Abunə ol  
Bildirişlərə