Paylaşıldığı tarix:

Reklam agentliyində hansı işçilər olmalıdır və onlar nə iş görür? SMM şirkəti nə zaman uğurlu olur?

SMM şirkətini uğurlu edən faktorlar

SMM şirkəti hazırda yaşadığımız əsrin ən məşhur bizneslərindən biridir. Hər kəs düşünür ki, reklam agentliyi və ya sadəcə SMM xidməti göstərən şirkət yaratmaq çox asan və gəlirli bir peşədir. Adətən bu bizneslər 0 manatla qurulan bizneslər sırasına daxildir. Təəssüf ki, ölkəmizdə 2 rəqəmli məbləğə bu xidməti göstərən, keyfiyyətsiz iş görən, müştəriləri aldadan və s. kimi şirkətlər mövcuddur. Buna baxmayaraq ölkədə öz işinin öhdəsindən layiqincə gələn xeyli şirkətlər var. Bu şirkətlərin əsas hissələrindən biri əməkdaşlarıdır. Yaxşı mütəxəssisləri bir araya toplayan agentliklərin işləri həmişə bizi valeh edir. Bəs ümumiyyətlə agentlikdə, SMM şirkəti daxilində hansı işçilər olmalıdır? Çox maraqlı sualdı biraz araşdırdım və aşağıdakı nəticəyə gəldim.

SMM mütəxəssis

Sosial media marketinq mütəxəssisi. Müştərilərin sosial media marketinqini idarə edir. Bu şəxs həm sosial şəbəkələrdən yaxşı istifadə etməyi bacarmalıdır, həmçinin marketinqi yaxşı bilməlidir. SMM şirkəti daxilində qrafik dizayner, kopirayter account menecer ilə sıx əlaqəli işləyir. Bu baxımdan yaxşı komanda ilə işləmək bacarığı bu vəzifədə çalışan şəxslər üçün çox önəmlidir. Agentliklərin bəzilərində bu vəzifə yoxdur və bütün bu işləri başqa vəzifədə olan biri görmək məcburiyyətində qalır. Təbii ki, bu hal yaxşı deyil.

Qrafik dizayner

Bizim sosial şəbəkələrdə gördüyümüz o möhtəşəm posterlərin hazırlanmasında bu şəxslərin rolu əvəzsizdir. Göndərilən brief ilə öz yaradıcılığını birləşdirib ortaya yaxşı bir iş çıxarmalı olan bu şəxsin dizayn proqramlarını yaxşı bilməsi vacibdir. Bu dizaynerlərə görə dəyişə bilir. Dizaynerlərə bəzi şirkətlərdə SMM işi gördürsələr də bu düzgün deyil və dizayner brief əsasında işləməlidir. Bazarda təcrübəli dizaynerlər həmişə yaxşı yerlərdə və yaxşı maaşa işləyirlər. Sizin şirkətinizin işlərini yaxşı dizayner görsün istəyirsinizsə, yaxşı bir maaş ayırmalısınız.

Kontent menecer

Məzmun marketinqi günümüzdə hərkəs tərəfindən işlədilən termindir. Məzmun marketinqini yaradan şəxslərdən biri də kontent menecerdir. Bu şəxsə demək olar ki, hər agentlikdə bir iş gördürürlər. SMM işləri görən kontent menecer də var, kopirayter işləri görən də, yalnız postların description hissəsini yazmaq üçün belə işçilər götürənlər də var. Əsasən bu şəxslər məzmun yaratmalıdır. Bu sosial şəbəkələrdə də ola bilər amma əsas işi saytda olan məzmunları keyfiyyətli şəkildə hazırlamaqdır. Bazarda agentliklər və bu vəzifəni daşıyanlar tərəfindən çox məlumat olmaması səbəbindən hazırda tam işini görən kontent menecer də azdır. Bu sahənin əsl mütəxəssisləri ilkin rəqəmsal marketinq biliklərinə sahib olsa yaxşı olar.

Kopirayter

Agentliyin ən önəmli şəxslərindən biridir. Həm kreativliyi ilə həm də dünya görüşü ilə digər şəxslərdən seçilməlidir. Yaxşı kopirayterin yazısı təkcə kreativ olmaqla qalmamalı, həmçinin məhsulu satmalıdır. Günümüzdə ölkəmizdə bu peşəyə həvəs artsa da peşəkarlar sayı o qədər də çox deyil. Həmçinin əksər agentliklərdə kopirayterin işini digər işçilər görür. Əsas vəzifəsi reklam kampaniyalarını hazırlamaq, reklam mətnlərini hazırlamaqdır.

Art direktor

Bu şəxs əsas görüləcək işlərin planlarını cızır və gedişatını izləyir. Təcrübəsi və bilikləri daha yaxşısını seçməyə, səhvləri görməyə kömək edir. Şirkətin art direktoru nə qədər təcrübəli olarsa həmin şirkətin işlərinin keyfiyyəti yüksək olacaqdır. Bazarda adətən qrafik dizaynerlər və kopirayterlər yetəri qədər təcrübə topladıqdan sonra bu vəzifəyə yüksələ bilirlər.

Rəqəmsal marketinq mütəxəssisi

Müştərilər təbii ki, SMM ilə kifayətlənmirlər. Rəqəmsal marketinq xidməti istəyən şirkətlər üçün agentliklərin daxilində rəqəmsal marketinq mütəxəssisləri olur. Bu işçilər müştərilərin rəqəmsal marketinq strategiyasını hazırlamaq, saytlara trafik artırmaq və rəqəmsal mənbələrdən satışı artırmaq üçün bəlli addımlar atırlar. İstər SEO, istərsə SEM layihələrini idarə edən rəqəmsal marketinq mütəxəssisi bu işlərin öhdəsindən layiqincə gələrsə müştəriləriniz artacaq deyə bilərəm. Bazarda bu sahədə mütəxəssislərin SMM-ə nisbətən daha az olması bu sahəni daha potensiallı edir.

Marketinq mütəxəssisi

Əksər agentliklərdə bu mütəxəssisi tapmaq çətin olur. SMM şirkəti sahibləri və direktorlar bu funksiyanı yerinə yetirirlər. Bunlar təbii ki, müştəri marketinq xidmətləri istəyərkən vaxt barəsində çətinlik çəkirlər. Təəssüflər olsun ki, marketinq deyəndə insanların ağlına yalnız SMM gəlir. Bu səbəbdən də bu agentliklərin çoxunda marketinq mütəxəssisinə ehtiyac görmürlər. Təbii ki, olan şirkətlər də var.

Account menecer

Aid olduğu vəzifə ilə gördüyü işlər adətən bu vəzifədə düz olmur. Reklam qoymaqdan tutmuş, rəy cavablamağa kimi görən account menecerlər var. Bu isə bizim sahibkarların account sözünü sosial şəbəkə ilə bərabərləşdirib sosial şəbəkələri idarə edən şəxs kimi düşünələrindən yaranıb deyə düşünürəm. Əslində account menecer vakansiyası agentlik ilə müştərinin əlaqələrini nizamlayan işçidir. Ən azı mən elə bilirəm 😊 . Bu işçi düzgün brief almalı və komandaya ötürməlidir ki, müştəri ilə iş uzun müddət davam etsin.

Layihə meneceri

Bu sahənin mütəxəssisləri də adətən hər iş görənlər siyahısına daxil olurlar. Account menecerin işindən tutmuş, satış menecerinin işini gördüyü agentliklər olur. Təbii ki, layihə menecerinin işindən danışmaq üçün şirkətlərin layihələri olmalıdır və ya işlərini bir layihə kimi həyata keçirməlidirlər. Ancaq yenə də SMM anlayışı bütün işləri pozur. “Post paylaşılacaq da nə layihə?” sualı layihə menecerinə olan ehtiyacı və görəcəyi işləri müəyyənləşdirir.

Satış mütəxəssisi

Şirkətin əvəzedilməz işçilərindəndir. Təbii ki, daha çox müştəri daha çox qazanc deməkdir. Bu müştəriləri bazarda qazanmaq elə də asan deyil. Sizin portfolionuzu müştəriyə düzgün təqdim edib, müştərini həqiqətən də ona faydalı olacağınıza inandıran satış meneceri agentlik komandasının vacib hissəsidir. Təbii ki, agentliklərdə bu işçi ilə də bağlı problem var. Satışdan faiz anlayışını səhv anlayan agentliklər satış menecerinə yalnız satışdan faiz ilə işləmək təklif edirlər. Bu isə əksər hallarda xoş nəticələnmir.

Fotoqraf və videoqraf

Müştərilərə şəkillərin və videoların çəkilməsi xidməti göstərilirsə əlbəttə bu peşənin sahibləri də agentliyin bir parçası olmalıdır. Çox vaxt şablon təkliflər içərisində ay ərzində bir dəfə və ya bir neçə dəfə foto və video çəkiliş olduğunun şahidi oluruq. Bu vəzifəni daşıyanlar əksər vaxtlar restoranlarla işləyən agentliklərin ayrılmaz parçaları olur.

Sonda bildirim ki, heç bir agentlikdə çalışmamışam və agentliyim yoxdur. Məqsəd kimisə tənqid etmək və ya kiminsə gördüyü işi səhv kimi göstərmək deyil. Yəqin ki, bu yazımda belə bəzi səhvlər var və oxuduqca siz onları görmüsünüz. Sadəcə bu yazının məqsədi sizinlə fikir bölüşmək idi. İşinizi peşəkar şəkildə görmənizi və işlərinizi peşəkarlara həvalə etmənizi arzulayıram.

Hansı bizneslər uğurlu olur? Uğurlu olmaq üçün 10 əsas xüsusiyyət” haqqında yazdığım məqaləni oxuyaraq daha ətraflı məlumat əldə edə bilərsiniz.

avatar
0 Rəy yazanlar
Son rəy yazanlar
  Abunə ol  
yeni köhnə ən çox səs verilən
Bildirişlərə
trackback

[…] “Reklam agentliyində hansı işçilər olmalıdır və onlar nə iş görür? SMM şirkəti nə zama…” mövzusunda yazdığım məqaləni oxuyaraq SMM şirkətləri haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. […]

trackback

[…] “Agentliklərdə hansı işçilər olmalıdır və onların vəzifələri nələrdir?” haqqında bloq yazımı əsas bu səbəbdən dolayı yazmışdım. İşçilərin və vəzifələrin düzgün seçilməməsi sonda uğursuz nəticəyə gətirib çıxarır. Əslində dünya təcrübəsinə əsasən agentliklərdə ölkənin ən yaxşı işçiləri çalışır. Belə şəxslər ən yaxşı ideaları verir, ən möhtəşəm işləri ortaya çıxarırlar. Bizim bazarda isə bunu az sayda şirkətlərdə görmək olar. Belə ki, əksər agentliklərin işçiləri yeni başlayan, bu sahəni yeni öyrənmiş şəxslər olur. Bu isə agentliyin gördüyü işin keyfiyyətinə təsirini göstərir. […]