Paylaşıldığı tarix:

SMM – Sosial Media Marketinq meneceri olmaq üçün lazımı bilik və bacarıqlar

SMM menecer nələri bilməlidir.

Son dövlərdə SMM menecer ölkəmizdə məşhur peşələrdən birinə çevrilib. Təbii ki, hər bir sahənin mütəxəssisi olmaq üçün bu sahə ilə əlaqəli bilik və bacarıqlara sahib olmaq lazımdır. SMM menecer kimi karyerasına davam etmək istəyən şəxs də bəzi bacarıqlara sahib olmalı və bəzi bilikləri öyrənməlidir. Bunlardan bəzilərini sizinlə bölüşməyə çalışacam.

Öyrənməyi bacarmaq

Sosial media marketinq sahəsi rəqəmsal marketinqin daxilində bir istiqamətdir. Yəqin ki, texnologiyaların və rəqəmsal dünyanın necə yeniləndiyini yaxşı bilirsiniz. Bu inkişaf qarşısında siz daim öyrənməlisiniz ki kadr bazarında rəqabət apara biləsiniz. Ən sadə şəkildə desəm sosial şəbəkələrə tez-tez gələn yenilənmələri misal göstərə bilərəm. Siz hər dəfəsində yenilənmiş sosial şəbəkədən istifadəni öyrənməli və ona uyğunlaşmalısınız.

Marketinq bilikləri

Sosial media marketinq mütəxəssisi olaraq çalışmaq və yaxşı maaş almaq üçün ilk öncə marketinq bilikləriniz olmalıdır. Adından da göründüyü kimi bu sahədə marketinq sahəsinin daxilindədir və SMM mütəxəssisi də marketinqdən baş çıxarmalı, hətta yaxşı bilməldir. Hazırda ölkəmizdə az sayda SMM mütəxəssis marketinq biliklərinə sahib olsa da deyə bilərəm ki, belə bilikləri olanlar yaxşı yerlərdə çalışır və yaxşı əməkhaqqı alırlar.

Analiz bacarığı

Bu bacarığı əksər iş elanlarında görə bilərsiniz. Xüsusi ölçü meyarı olmasına baxmayaraq SMM menecer üçün vacib amildir. Bu bacarığ təbii ki, sizə işini zamanı lazım olacaq. Siz istər nəticələri analiz edərkən, istər seçim qarşısında qalarkən, istərsə də müştəri davranışlarınızı sosial mediada analiz etdiyiniz zaman bu bacarığa ehtiyacınız olacaq.

Sosial şəbəkə alətlərindən istifadə etmək

SMM mütəxəss bütün fəaliyyətini sosial şəbəkələr tərəfindən təmin olumuş alətlər vasitəsilə həyata keçirir. Alətlərin nə üçün, necə və nə zaman istifadə olunduğunu, hansı funksiyalar üçün hansı alətlərin daha effektiv olduğunu bilmək SMM mütəxəssisin zamanına və işin keyfiyyətinə əhəmiyyətli təsir göstərir. SMM mütəxəssisi alətlərdən düzgün istifadə etmək sayəsində effektiv reklam kampaniyaları yarada, sosial şəbəkələri idarə edə, hesabat hazırlaya və qeyd etmədiyim digər bütün işlərini təşkil edə bilər.

Ofis proqramları

İncələdiyim iş elanlarının əksəriyyətində tələb olaraq qeyd olunan ofis proqramları məqsədsiz şəkildə yerləşdirilməyib. Ofis proqramları bu sahədə çalışan şəxslərin gündəlik istifadə etdiyi proqramlardır. Əgər SMM mütəxəssis olaraq çalışacaqsınızsa istər yazıları qeyd etmək üçün Word olsun, istərsə də hesabatları hazırlamaq üçün Excel gündəlik davamlı istifadə etdiyiniz proqramlara çevriləcək. Bu proqramları dərindən bilməniz işlərinizi də asanlaşdıracaqdır.

Qərar qəbul etmə bacarığı

Əslində bir çox sahələrdə bu bacarığa ehtiyac duyulur. SMM menecer kimi çalışırsmağı düşünürsünüzsə bu ehtiyac sizdən yan keçməyəcəkdir. Siz gündəlik və aylıq işinizdə bir çox qərarlar qəbul edirsiniz. Bu görəcəyiniz iş yükündən və şirkətlərdə sizə verilən tapşırıqlara görə dəyişir. Belə ki, siz müştəriyə yazacağınız cavab ilə bağlı da qərar qəbul edirsiniz, paylaşımın edilmə vaxtı ilə bağlı qərar da qəbul edirsiniz. Düzgün qərarlar karyeranız dövründə sizin inkişafınız üçün vacib rol oynayır.

Stress idarəçiliyi və gərgin iş rejimində işləmə bacarığı

İş elanlarının bəzəyi və qorxulu hissəsi olan bu parçada həmişə sual yaranır ki, axı niyə stress niyə gərgin iş rejimində işləmək? Əslində bunun bir neçə səbəbi olur. Siz iş prosesi zamanı hərgün olmasa da bəzi günlər gərgin rejimdə çalışmalı ola bilərsiniz. Bundan əlavə vacib addımlar ola bilər ki, siz bu dönəmdə stresinizi düzgün idarə edə bilməsəniz bu sizin və şirkətiniz üçün yaxşı sonlanmaya bilər. Məsələn : Black Friday zamanı gələn müraciətlərin çoxluğu sizi gərginləşdirə bilər. Bu gərginlik altında məsuliyyətli və diqqətli olaraq işinizin öhdəsindən gəlməyi bacarmalısınız.

Araşdırma bacarığı

Siz işiniz ilə bağlı bir çox zaman araşdırma etmək ehtiyacını duyacaqsınız. Rəqiblərinizi araşdırmaq lazım ola bilər, yeni kampaniyanız üçün nələrisə araşdırmanıza ehtiyac ola bilər və s. Bu zaman sizin araşdırma bacarığınız yaxşı olmalıdır ki, daha az zamanda çox məlumat əldə edəsiniz. Demək olar ki, əksər iş elanlarında bu bacarığa ehtiyac olduğunun şahidi oldum.

Dil bilikləri

Əsasən iş elanlarında SMM menecer axtaran şirkətlər rus dili və ingilis dili tələb edirlər. Təbii ki, bu dilləri bilmədən də SMM mütəxəssis kimi çalışmaq mümkündür. Bu dilləri bilməniz isə sizin üçün üstünlükdür. Rus və ingilis dilini bilən mütəxəssis bu dilləri bilməyən mütəxəssisdən təbii ki, daha yüksək əməkhaqqı alacaq. Bununla bərabər dil bilikləriniz araşdırmalarınıza da yardımçı olacaq.


 Kreativlik

Yaradıcı şəxslər həmişə fərqlənirlər. İnsanların yaradıcılığı sevdiyi bir dövrdə işçi axtaran şirkətlər də yaradıcı işçiləri seçməyə üstünlük verirlər. Bu yaradıcılığı SMM menecer fərqli formalarda göstərə bilər. Məsələn ən sadəsini sizinlə bölüşüm: Tez-tez şirkətlərin sosial şəbəkələrdə rəy bölməsində izləyicilərinə maraqlı tərzdə cavab verdiyinin şahidi oluruq. Bunları edən həmin o kreativ SMM mütəxəssislərdir.


Komandada işləmək

SMM mütəxəssisi demək olar ki, daim komanda ilə çalışır. Qrafik dizayner, marketinq  mütəxəssisləri, kopirayter və s. kimi üzvlərlə daim əlaqəli işləyən şəxs təbii ki, komanda ilə işləməyi bacarmalıdır. Bu səbəbdən də siz iş elanlarının bir çoxunda bu tələblərdən biri olaraq komandada işləmək bacarığını görə bilərsiniz.

Oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm yazı sizin üçün faydalı oldu. Növbəti bloq yazılarımızda görüşənədək.

avatar
  Abunə ol  
Bildirişlərə